Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Məhkəmə iclası təyin olunmuş vaxtda başlamırsa, vəkil necə davranmalıdır?
26.04.2022 2020
 Bir çox hallarda vəkil həmkarlarım mənə, məhkəmə iclaslarının təyin olunmuş vaxtda başlamadığı, yubanmanın səbəbi və iclasın başlayacağı vaxt barədə dəqiq məlumat ala bilmədikləri hallarda necə davranmalı olduqları ilə bağlı sual ünvanlayırlar.
 
Nəzərə alsaq ki, müvafiq hallar vəkilin başqa məhkəmə iclaslarında, istintaq hərəkətlərində iştirakını, hüquqi yardım göstərilməsi ilə bağlı planlaşdırılmış görüşlərini pozur, əlbəttə ki, vəkil bu cür hallarda vəkillərin davranış qaydalarına uyğun olaraq necə davranmalı olduğunu bilməlidir. Ona görə də bu məsələ ilə bağlı fikirlərimi Sizinlə bölüşmək istəyirəm. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanunun 16-cı maddəsinə əsasən, peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir. Bu halda vəkilin öhdəliyi həm onun məhkəmə iclaslarında iştirakını, həm də məhkəmə iclaslarında iştirakı ilə əlaqəli olmayan peşə fəaliyyətini əhatə edir. Vəkillərin peşə etikası normalarına əsasən, hər bir vəkil müvafiq prosessual qanunvericiliyin tələblərinə əməl etməli, məhkəməyə və prosesin digər iştirakçılarına hörmətlə yanaşmalı, hüquqi yardım göstərdiyi şəxsə münasibətdə vicdanlı və dürüst olmalı və həmin şəxsə münasibətdə qanun pozuntularına yol verilərsə, bu pozuntuların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir. Məhkəmənin və prosesin digər iştirakçılarının hərəkətlərinə etiraz edərkən, vəkil səbrli, mədəni və nəzakətli olmalı və qanunauyğun davranmalıdır. Məhkəməyə və prosesin digər iştirakçılarına hörmət, həm də vəkilin məhkəmə iclasına təyin olunmuş vaxtda gəlməsi və bu barədə müvafiq qaydada məlumat verməsində ifadə olunur. Vəkilin təyin olunmuş vaxtda məhkəmə iclasına gəlməməsi vəkilliyin nüfuzuna xələl gətirir və vəkil barəsində intizam icraatının başlanması üçün əsas ola bilər. Bütün bunlarla yanaşı ədalət mühakiməsi qaydalarına əməl edilməsi vəzifəsi prosesin bütün iştirakçılarına aiddir. Azərbaycan Respublikası CPM-nin 322-ci maddəsində imperativ şəkildə göstərilir ki, məhkəmə baxışı üzrə məhkəmə iclası üçün təyin edilmiş vaxtda məhkəmə tərkibi (cinayət işinə təkbaşına baxıldığı halda hakim) məhkəmənin iclas zalına daxil olur və orada hakimlərin yerini tutur.
 
Təyin olunmuş məhkəmə iclasının vaxtında başlaması nəinki prosessual qanunvericiliyin, həm də Hakimlərin Etik Davranış Kodeksinin tələbidir. Həmin Kodeksin 6-cı maddəsinə əsasən, hakim öz peşə vəzifələrini vicdanla icra etməli, işlərə və materiallara vaxtında baxılması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirləri görməlidir. Məhkəmə iclasının başlanmasını gözləyərkən, vəkil imkan daxilində məhkəmə iclasının yubanmasının səbəblərini və faktiki başlama vaxtını öyrənmək üçün mümkün tədbirləri görməlidir. Əgər yubanmanın səbəblərini və iclasın faktiki başlama vaxtını müəyyənləşdirmək mümkün olmazsa, onda vəkil hüquqi yardım göstərdiyi digər şəxslər qarşısındakı öhdəliklərini də vicdanla yerinə yetirmənin zəruriliyini nəzərə almaqla iclasın başlanmasını gözləmək imkanını qiymətləndirir. Əgər vəkilə bildirilən prosesin faktiki başlama vaxtı onun əvvəlcədən təyin olunduğu vaxtdan əhəmiyyətli dərəcədə fərqlidirsə, onda vəkil Vəkillərin Davranış Qaydaları Haqqında Əsasnamənin tələblərini rəhbər tutaraq həmin gün üçün iş qrafikinə uyğun şəkildə prosesdə iştirak edib etməyəcəyinə müstəqil qərar verə bilər.
 
Vəkilə məhkəmə iclasının gecikmə səbəbləri və faktiki başlama vaxtı barədə məlumat verilməməsi proses iştirakçısına, o cümlədən, vəkilə hörmətsizlik kimi qiymətləndirilə bilər. İş vaxtının əsassız, qeyri-müəyyən müddət davamlı itirilməsi vəkilin hüquqi yardım göstərdiyi digər şəxslər qarşısında da öhdəliklərinin icra edilməməsi, təyin olunmuş digər məhkəmə iclaslarında və istintaq hərəkətlərində iştirak edilməməsi və ya gecikməsi ilə nəticələnə bilir. Əgər vəkilin gördüyü tədbirlərlə məhkəmə iclasının yubanma səbəbini və faktiki başlama vaxtını müəyyən etmək mümkün olmazsa, və ya bu səbəb açıq aşkar üzürsüzdürsə, onda vəkil bu barədə hüquqi yardım göstərdiyi şəxsə, həmin iclasda iştirak edən digər vəkillərə, prosesin digər iştrakçılarına, həmçinin səlahiyyətli məhkəmə əməkdaşına məlumat verməklə məhkəmə zalını tərk edə bilər. Belə bir qərarın qəbul edilməsi üçün əsas motiv vəkilin digər məhkəmə iclasında və ya istintaq hərəkətində iştirak etməsi olmalıdır. Bu halda vəkilin həm də məhkəmə iclasına gəlmə və məhkəmə zalını tərk etmə vaxtının fiksasiya edilməsi formasını müəyyənləşdirərək bunu etməsi vacib şərtdir (məsələn, məhkəmənin dəftərxanasına bu barədə yazılı məlumat verməklə).
 
Hər bir halda məhkəmə iclasının başlamasını gözləməsi, vəkilin hüquqi yardım göstərdiyi digər şəxslər qarşısında öhdəliyinin icrası, digər məhkəmə iclaslarında və istintaq hərəkətlərində iştirakına əhəmiyyətli dərəcədə çətinlik yaratmırsa, səbr nümayiş etdirməklə məhkəmə iclasının başlanmasını gözləməlidir.
 
Anar Bağırov,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü