E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il Sərəncamına əsasən dekabrın 28-i "Vəkil günü" kimi qeyd olunur.
Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərən Vəkillər Kollegiyasının hüquqi varisidir.
Əsas vəzifəsi
Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.
Fəaliyyəti
Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.
Üzvləri
Hazırda ölkəmizdə 2132 vəkil fəaliyyət göstərir. Onlardan 1752 nəfəri kişi, 380 nəfəri qadındır. 1679 nəfəri Bakıda, 453 nəfəri isə rayonlarda fəaliyyət göstərir.
Ən yaşlı vəkil - Rəcəbova Eleanora Viktorovna - 06.04.1933 – 88 yaş
Ən gənc vəkil – Abdullazadə Xəyalə Nicat qızı – 01.05.1997 – 24 yaş
Eyni zamanda ötən 3 ildə ölkəmizdə vəkil bürolarının sayı da təxmini olaraq 3 dəfə artmış və hazırda 108-vəkil bürosu vardır ki, onların 70-i Bakı şəhərində yerləşir.