Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Vəkillər Kollegiyası Moskvada “Vəkillik, Dövlət, Cəmiyyət” mövzusundakı beynəlxalq konfransda təmsil olunub
15.10.2021 1264
 12 oktyabr tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Moskva şəhərində Rusiyanın Federal Vəkillər Palatasının (FVP) təşkil etdiyi XVII “Vəkillik, Dövlət, Cəmiyyət” mövzusundakı illik elmi-praktiki konfransa qatılıb.
 
Bu konfransda Rusiyanın FVP-nın üzvləri də daxil olmaqla Rusiya Federasiyasının dövlət qurumlarının rəhbərləri, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Moldovanın hüquq təşkilatlarının nümayəndələri və s. iştirak etmişdirlər. Belə ki, 200 nəfər birbaşa qatılmış və əlavə olaraq da, 2000 iştirakçı video konfrans vasitəsilə qoşulmuşdur.
 
Konfrans zamanı spikerlər hüquq peşəsindəki mənfi tendensiyalardan bəhs etmiş və hüquqi yardımın göstərilməsi, dövlət hesabına göstərilən hüquqi yardımın cinayət prosessual və intizam aspektləri, müdafiə hüququnun həyata keçirilməsində yeni problemlər, peşə riskləri, sübutların saxtalaşdırılması da daxil olmaqla müxtəlif praktiki məsələlərdən danışmışlar.
 
Konfransda, həmçinin vəkil etikası ilə bağlı mövzuları, xüsusən də vəkilin fəaliyyətində yeni iş etikasının bəzi aspektlərini, vəkil ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ünsiyyət etikası da müzakirə olunmuşdur.
 
Bununla yanaşı, hüquq peşəsi və siyasət, populizm, rus vəkillərinin real problemləri kimi kompleks problemlərə də toxunulmuşdur.
 
Tədbirdə çıxış edən ARVK-nın sədri Anar Bağırov bütün Azərbaycan Vəkilləri adından Rusiya Federasiyası Federal Vəkillər Palatasının Prezidentini və Konfransın digər iştirakçılarını salamlamış və bu tədbirə dəvət və iştirakın böyük şərəf olduğunu qeyd etmiş və dəvətə görə Rusiya FVP-nın prezidentinə təşəkkür etmiş və həmçinin, A.Bağırov son illərdə ARVK-nın FVP ilə fəal şəkildə əməkdaşlığı barədə danışmışdır.
 
Həmçinin, o xatırlatmışdır ki, 28 dekabr 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib, həmçinin əlavə edib ki, son üç il ərzində vəkillərin sayı 2,5 dəfə artıb, vəkillik xeyli gəncləşib və vəkil bürolarının sayı 3,5 dəfə artıb: "Azərbaycanda bu peşəyə qəbul olmaq üçün ciddi seçimdən keçmək lazımdır. Birinci mərhələdə test imtahanı verilir. İkinci mərhələ şifahi imtahan - müsahibədir. Daha sonra namizədlərə məcburi hazırlıq kursları keçirilir, bundan sonra and içir və peşəyə qəbul olunurlar".
 
A.Bağırov dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsaitdən də danışmışdır: "Bu proses tamamilə Vəkillər Kollegiyası tərəfindən həyata keçirilir. Hər il ölkə büdcəsində bu xərclərin məbləği göstərilir. Eyni zamanda Azərbaycanda Türkiyənin vəkillik təcrübəsi tətbiq olunur. Xüsusilə hər bir vəkil orderinə bütün qoruyucu xüsusiyyətləri olan xüsusi marka yapışdırılması nəzərdə tutulur. Vəkillər Kollegiyasına hər bir marka üçün unikal nömrə verilir. Vəkilin bağladığı hər bir müqavilədən vəsait Vəkillər Kollegiyasının ayrı bir hesabına köçürülür. Bu vəsaitlər regional ofislərdə vəkillərin iş şəraitinin yaxşılaşdırılması, binaların təmiri və başqa işlər üçün xərclənir. Beləliklə, vəkil peşəsinin maliyyə müstəqilliyi təmin edilir".
 
Anar Bağırov eyni zamanda vəkilliyin rəqəmsallaşdırılması sahəsində yeniliklər barədə məlumat verib: "Vəkillər "Elektron məhkəmə" informasiya sistemini fəal şəkildə tətbiq edirlər. Yaxın hədəflər arasında vəkillərin "Elektron hökumət" sisteminə inteqrasiyası, "Elektron məhkəmə" sisteminə tam inteqrasiya üçün elektron sorğuların tətbiqi də yer alır. Vəkillər və vətəndaşlar üçün mobil proqram tətbiqi yaradılmışdır ki, hər bir vətəndaş elektron qaydada müəyyən haqq müqabilində hüquqi yardım alsın. Ancaq qeyd etməliyəm ki, Azərbaycanda bəzi kateqoriyaya aid vətəndaşlar ödənişsiz hüquqi yardım alırlar".
 
A.Bağırov onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Rusiya Federasiyasının Vəkillər Federal Palatası arasında qarşılıqlı əməkdaşlıq 2018-ci ildə başlayıb, lakin qısa müddətdə xeyli nəticələr əldə edilib.
 
Sonda Anar Bağırov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən qəbul olunmuş qərar barədə məlumat vermiş və Rusiya Federasiyası Federal Vəkillər Palatasının prezidenti Yuriy Pilipenkoya ölkələrimizin və bütövlükdə MDB ölkələrinin vəkilləri arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə "Azərbaycan Respublikasının fəxri vəkili" adı ilə təltif olunması üzrə diplomu və rəmzi vəkil mantiyasını cənab Pilipenkoya təntənəli surətdə təqdim etmişdir.
 
Daha sonra, 13 oktyabrda ARVK-nın sədri A.Bağırov Rusiya Vəkillər Gildiyasının prezidenti və Rusiya Vəkillik və Notarius Akademiyasının rektoru, Rusiya Federasiyasının fəxri vəkili cənab Həsən Mirzəyevlə görüş keçirmişdir.
 
Görüş zamanı cənab H.Mirzəyev A.Bağırova Rusiya Vəkillər Gildiyasının cari vəzifələri və fəaliyyəti, Gildiya ilə ARVK arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti barədə məlumat vermis və A.Bağırov isə dəvətə görə, əlaqələrin daha da möhkəmləndirilməsinin, səmərəli və faydalı əməkdaşlığın, dostluğun, eləcə də hər iki təşkilatın vəkilləri arasında qarşılıqlı əlaqələr qurmaq səylərinin əhəmiyyətini vurğulamışdır.
 
Görüş çərçivəsində təltifetmə keçirilmiş, belə ki, A.Bağırov Rusiya Vəkillər Gildiyasının "Vəkilliyin İnkişafı Ordeni", H.Mirzəyev isə ARVK-nın “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif olunmuşdur.
 
H.Mirzəyev A.Bağırovu Rusiya Vəkillik və Notarius Akademiyası ilə tanış etmiş və Akademiyanın müəllim və işçi heyəti ilə görüş keçirilmişdir.
 
Bununla yanaşı, A.Bağırov Rusiya Federasiyasındakı Azərbaycan diasporunun üzvləri ilə də görüş keçirmişdir.
 
Sonda, tədbir axşamı ARVK nümayəndələri Rusiya Federasiyası Federal Vəkillər Palatası tərəfindən “Moskva Arbat Hall”da təşkil edilən “Hüquq peşəsi və Vəkillik sahəsində Milli Mükafatın VII təntənəli təqdimetmə mərasimi”ndə iştirak etmişdirlər.