Təlimlərin açılış sessiyasında BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab cənab Vladimir Qyorqiyev çıxış edərək bildirmişdir ki, insan alverinə qarşı mübarizə haqqında məlumatlılığı artırmalı və bu problemə vahid bir yanaşmanı təmin etməliyik. Bu sahədə Vəkillər Kollegiyası ilə sıx əməkdaşlıq edilir.
Daha sonra açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlamış, Vəkillər Kollegiyası ilə BMT və onun ixtisaslaşdırılmış qurumları arasındakı əlaqələr barədə məlumat vermişdir. Anar Bağırov qeyd etmişdir ki, 13 dekabr 2019-cu ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəznində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət daxil olduqda, Kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxsə müvafiq hüquqi dəstək xidməti göstərilir.
Həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə Vəkillər Kollegiyası arasında olan birgə əməkdaşlıq çərçivəsində Regionlarda vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunması ilə bağlı 6 regionda vəkillərlə xidməti müqavilə bağlanılaraq vətənaşlara ödənişsiz hüquqi yardım göstərilir.
Anar Bağırov həmçinin qeyd etmişdir ki, “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun 28-ci maddəsinə əsasən, insan alveri ilə bağlı cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Cinayət işlərinə dair hüquqi yardım haqqında qanunvericilikdə bu hüquqi yardım vəkillər tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bizi narahat edən məsələ insan alveri qurbanlara dövlət hesabına hüquqi yardımın göstərilməsinin qanunda nəzərdə tutulmamasıdır. Qurbanların əksəriyyətinin pulsuz hüquqi yardıma ehtiyacı olan şəxslər olmasını nəzərə alaraq bu məsələni müsbət həll olunması istiqamətində çalışmalıyıq".
Daha sonra çıxış edən təlimlərin təlimçiləri xanım Izabela Sylwia Hartmann və Hüquq Yardım və Tədris Mərkəzinin direktor müavini Gülşən Salmanova tədbir, onun proqramı barədə ümumi məlumat vermişlər. Onlar qeyd etmişlər ki, hazırkı təlimin əsas məqsədlərindən biri beynəlxalq təcrübənin bölüşdürülməsi, milli qanunvericiliyi insan alveri ilə mübarizəyə dair müddəaları ilə yaxından tanış olmaq, təcrübə mübadiləsindən yararlanmaqdır.
Tədbirdə həmçinin BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Nərgiz Kərimova BMqT-nin İnsan Alverinə qarşı mübarizə üzrə Layihəsi, ölkədə qlobal olaraq bu sahədə həyata keçirdiyi işlər barədə təqdimatla çıxış etmişdir.