Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Gələcəkdə yaranacaq tələbin zaminliklə təminatına hakimdən fərqli yanaşma
07.02.2018 3777
Oxucularımızın diqqətinə bank krediti mübahisəsi üzrə çıxarılmış apellyasiya qətnaməsi çərçivəsində məhkəmə tərkibinə daxil olan hakimlərdən birinin mülki hüquqi baxımdan əhəmiyyət kəsb edən xüsusi rəyini təqdim edirik.


Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ****** tarixli, ****** saylı qətnaməsindən iddiaçı ****** QSC tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı ****** saylı mülki işə dair Bakı Apellyasiya Məhkəməsinin ****** tarixli qətnaməsi üzrə hakimi ******
 
XÜSUSİ   RƏYİ
                                      
İddiaçı ****** QSC cavabdehlər T.Ə. və qeyrilərinə qarşı müştərək qaydada 005R1520934771 saylı kredit razılaşması üzrə 4272,51 manat kredit borcu, 1111,73 manat faiz və 1896,79 manat cərimə borcu, 005R1520983060 saylı kredit razılaşması üzrə 4221,98 ABŞ dolları kredit borcu, 1272,65 ABŞ dolları faiz və 2023,52 ABŞ dolları cərimə borcu, cəmi 7281,03 manat və 7518,15 ABŞ dollarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Bakı şəhəri Yasamal Rayon məhkəməsinin ****** tarixli, ******  saylı qətnaməsi ilə iddia cavabdeh T.Ə.-yə münasibətdə qismən təmin edilmiş, 005R1520934771 saylı kredit razılaşması üzrə 4272,51 manat əsas, 1111,73 manat faiz, 190 manat cərimə, cəmi 5574,24 manat və 005R1520983060 saylı kredit razılaşması üzrə 4221,98 ABŞ dolları əsas, 1272,65 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, cəmi 5694,63 ABŞ dollarının ondan iddiaçının xeyrinə tutulması qərara alınmış, iddia tələbi hər iki müqavilənin cərimə borcunun qalan hissəsində, eləcə də digər cavabdehlər – zaminlər R.R., M.Ə. və E.Ə.-yə münasibətdə rədd edilmişdir.
İddiaçı ****** QSC apellyasiya şikayəti verərək qətnamənin, iddianın cərimə borcunun təmin olunmamış hissəsində və digər cavabdehlər – zaminlərə  münasibətdə ləğv edilməsini və iddia tələblərinin  tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının məhkəmə tərkibinin çoxluğu (sədrlik edən ****** və digər hakim ******) ****** tarixli, ****** saylı qətnaməsi ilə bankın apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin ****** tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
 
Məhkəmə kollegiyası ilə razı deyiləm.

Baxılan işin halları ondan ibarətdir ki, iddiaçı bank cavabdehlərdən T.Ə. ilə  14.08.2013-cü il tarixli kredit xətti müqaviləsi  bağlamış, həmin müqaviləyə əsasən borcalana 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmçinin həmin müqavilədə borcalana veriləcək hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və sair şərtlərinin hər dəfə bağlanacaq və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən ediləcəyi nəzərdə tutulmuşdur.
Borcalan T.Ə. ilə kredit xətt müqaviləsi  bağlandığı vaxt, yəni 14.08.2013-cü il tarixində bankla E.Ə. və M.Ə. arasında T.Ə.-nin 14.08.2013-cü il tarixli kredit xətti müqaviləsində irəli gələn öhdəliklərinin təminatı məqsədi ilə zaminlik müqavilələri bağlanmışdır.
Bankla borcalan T.Ə. arasında bağlanmış 14.08.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən tərəflər 28.07.2015-ci il tarixində iki ayrı kredit razılaşması bağlamışlar, 005R1520934771 № kredit razılaşmasına əsasən T.Ə.-yə 18 ay müddətinə, aylıq dərəcəsi 1.8333 % olmaqla 5000 manat, 005R1520983060 № razılaşmaya əsasən isə borcalana 18 ay müddətinə, aylıq 1.8333 % dərəcəsi ilə 5000 ABŞ dolları kredit verilmişdir.
Həmin razılaşmaların 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. 
Razılaşmanın 4.2.2-ci bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəyir.
Kredit razılaşmalarının 4.2.3-cü bəndlərində müəyyən olunmuşdur ki, xarici valyutada verilmiş kreditlər üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artıb-azalmasından asılı olmayaraq, həmin xarici valyutada qaytarmalıdır.
Elə həmin gün, yəni 28.07.2015-ci il tarixində  T.Ə.-nin 14.08.2013-cü il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı məqsədi ilə bankla R.R. arasında da zaminlik müqaviləsi bağlanmışdır. 
Sonradan tərəflər arasında kredit razılaşmalarına iki dəfə – 24.12.2015-ci il və 04.03.2016-ci il tarixlərində yazılı dəyişiklik edilmiş və müvafiq olaraq hər dəfə üç ay olmaqla kreditlərin ödənilməsi müddəti uzadılmışdır.
Zaminlər M.Ə. və E.Ə. həm 5000 manat, həm də 5000 ABŞ dolları ilə verilmiş kredit razılaşmasının ödəmə (qrafikini) planını – «ödəniş planı ilə tanış oldum, razıyam» qeydini yazmaqla imzalamış, zamin E.Ə. isə hər iki kredit razılaşmasına edilmiş sonuncu – 04.03.2016-cı il tarixli dəyişikliyə əsasən tərtib edilmiş ödəmə (qrafikini) planını da eyni qeydi yazmaqla imzalamışdır.
Bank ərizə ilə 16.01.2017-ci il tarixində Yasamal Rayon Məhkəməsinə müraciət edərək borclular – T.Ə., M.., E.Ə. və R.R.-dən müştərək qaydada №005R1520934771 kredit razılaşmasına əsasən 4272,51 manat əsas, 675,69 manat faiz və 427.25 manat məbləğində cərimə olmaqla cəmi 5375 manat 45 qəpik, 005R1520983060 № kredit razılaşmaya əsasən isə 4221.98 ABŞ dolları əsas, 841.78 ABŞ dolları faiz və 422.19 ABŞ dolları cərimə olmaqla cəmi 5485 ABŞ dolları 95 sent məbləğində vəsaitin və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir.
 Məhkəmənin 02.02.2017-ci il tarixli əmri ilə bankın həmin ərizəsi təmin edilmişdir.
Əsas borclu T.Ə. 01.05.2017-ci il tarixində məhkəmə əmrinə etiraz təqdim etmişdir. 03.05.2017-ci il tarixli qərardadla borclu tərəfindən edilmiş etiraza əsasən əmr ləğv olunmuş və iddia icraatına keçilmişdir.
İddia icraatına keçildikdən sonra iddiaçı bank 22.05.2017-ci il tarixli ərizə ilə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələblərinin həcmini artıraraq cavabdehlərdən müştərək qaydada №005R1520934771 kredit razılaşmasına əsasən 4272,51 manat əsas, 1.111.73 manat faiz və 1896.79 manat məbləğində cərimə olmaqla cəmi 7281 manat 03 qəpik, 005R1520983060 № kredit razılaşmaya əsasən isə 4221.98 ABŞ dolları əsas, 1272.65 ABŞ dolları faiz və 2023.52 ABŞ dolları cərimə olmaqla cəmi 7518 ABŞ dolları 15 sent məbləğində vəsaitin və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia icraatına keçildikdən sonra təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə onların işdə olan və əmrə etirazda özlərinin göstərdikləri ünvana məhkəmə bildirişi qanunla müəyyən olunmuş qaydada çatdırılsa da, onlardan heç biri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər.   
Yasamal Rayon Məhkəməsi ****** tarixində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş və müzakirə olunan qətnaməni qəbul etmişdir. 
Cavabdehlər tərəfindən qətnamə mübahisələndirilməmişdir.
İddiaçı bank qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və şikayətində işə baxmış məhkəmənin tərəflər arasında yaranmış münasibətləri, bağlanmış kredit (borc) və zaminlik  müqavilələrinin şərtlərini düzgün qiymətlədirmədiyini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsini, habelə maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verdiyini göstərmişdir.
Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlər yenə də məhkəmə iclaslarına gəlməmişlər, iddiaçı bankın nümayəndəsi isə gəlmişdir.
İddiaçı bank tərəfindən məhkəməyə borclu T.Ə. ilə bağlanmış iki əlavə kredit razılaşması təqdim olunmuşdur.
Həmin kredit razılaşmalarından məlum olur ki, borclu T.Ə. kredit xətti müqaviləsi bağladığı gün, yəni 14.08.2013-cü il tarixli həmin xətt müqaviləsi üzrə  №05R000007788 saylı müqavilyə əsasən aylıq 2,3333 % -lə, 18 ay müddətinə 7800 manat, 23.07.2014-cü il tarixli №05R000011007 saylı kredit razılaşması ilə isə eyni faiz dərəcəsi və eyni müddətə 6700 manat kredit götürmüşdür. Hər iki kredit razılaşmasına müvafiq olaraq ödəniş planı əlavə edilmişdir. 
Həmin kredit razılaşmalarının ikisində də ödəniş planın kredit razılaşmasının ayrılmaz tərkib hissəsi, kredit razılaşmalarının isə 14.08.2013-cü il tarixli kredit xətti müqaviləsinin tərkib hissəsi olduğu xüsusi olaraq nəzərdə tutulmuşdur.
Şikayətə baxılmasında iştirak edən iddiaçı bankın nümayəndəsi şikayətini müdafiə edərək göstərmişdir ki:
-birinci instansiya məhkəməsi müqavilələr üzrə tərəflərin həqiqi iradəsini;
-əsas borclu ilə zaminlərin bir ailənin üzvləri olmasını, eləcə də qabaqcadan razılaşdırılmış vahid məqsədlə  əhatə olunan mənafelərinə uyğun hərəkət etmələrini;
-zaminlərin götürülmüş kreditlərin məbləği, faiz dərəcələri və müqavilənin sair şərtlərdən həm hüquqi baxımdan, həm də faktiki olaraq tam məlumatlı olmalarını;
-kredit xətti müqaviləsi bağlanan vaxt əsas borclunun bankdan həm də real olaraq pul götürməsini;
-zaminlər tərəfindən ötən 4(dörd) il ərzində, eləcə də bank ərizə ilə məhkəməyə müraciət etdikdən sonra da zaminlik müqavilələrinin etibarlılığını mübahisləndirməməsini;
-kredit xətt müqaviləsi ilə onun ayrılmaz tərkib hissəsi olaraq baglanmış kredit     razılaşmalarının vahid məqsədə yönələn və vahid iradə ifadəsini əks etdirən razılaşma olduğunu;
-zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının qanuni olmasını nəzərə almamış və işin hallarına üyğun olmayan nəticəyə gəlmişdir.  
Hazırkı işin faktiki hallarının bankın apellyasiya şikayətinin dəlilləri ilə birlikdə (həm də çoxsaylı oxşar işlərin olması fonunda) araşdırılarkən məhkəmə tərkibinə daxil olan hakimlər tərəfindən davamlı və qızğın müzakirələr aparılmasına baxmayaraq, yekdil fikrə gəlmək mümkün olmamışdır.
Təəssüflə qeyd edirəm ki, məhkəmə tərkibinə daxil olan hörmətli hakim həmkarlarım bankın şikayətini əsassız sayaraq onu təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini isə dəyişmədən saxlamaq qərarına gəlmişlər.
Məhkəmə tərkibinə daxil olan əksəriyyətin qəbul etdiyi qərarla aşağıdakı əsaslara görə raşılaşmıram.
Həmin əsaslara keçməmişdən öncə hazırkı mübahisənin həlliylə birbaşa əlaqəli olan, bununla belə ümumi xarakter daşıyan və müqavilə öhdəliklərindən əmələ gələn mübahisələriə baxılmasında mütəmadi olaraq ortaya çıxan və olduqca vacib bir məsələyə münasibət bildirilməsini zəruri hesab edirəm.
Bu, hüquq münasibətlərinin müxtəlif sahələrinə aid müqavilələrin adı ilə(eyni münasibətləri tənzimləyən müqavilələrin müxtəlif adlar altında bağlanması ilə) bağlı olan məsələdir.
Son vaxtlar məlum səbəblərdən əhəmiyyətli sayda artan «bank işləri»ndə bu məsələyə daha tez-tez rast olunur. Müqavilə öhdəliklərindən əmələ gələn mübahisələr üzrə digər işlərdə də belə hallar mövcudur.
Məsələn, bank-kredit münasibətlərində tərəflər arasında bağlanan müqavilələr müxtəlif adlar altında – kredit xətti müqaviləsi, əsas müqavilə, baş müqavilə, kredit müqaviləsi, kredit razılaşması, əlavə müqavilə, qarşılıqlı razılaşma müqaviləsi və s., mənzil tikintisi sahəsindəki münasibətlərdə tərəflər arasında – mənzil tikintisi müqaviləsi, payçı müqaviləsi, podrat müqaviləsi, mənzil alğı-satqısı müqaviləsi və s., məişət avadanlıqlarının pərakəndə alğı-satqısıda – nisyə alğı-satqı müqaviləsi, kreditələ alğı-satqı müqaviləsi, hissə-hissə ödəməklə alğı-satqı müqaviləsi, əşyaların lizinqə verilməsi müqaviləsi və s. bağlanır.   
 Təcrübə göstərir ki, mahiyyət etibarı ilə eyni münasibətləri tənzimləyən müqavilələrin müxtəlif cür adlandırılması və ya müxtəlif adlar altında bağlanması, həmin müqavilələrdən əmələ gələn mübahisələrə baxılmasında müəyyən anlaşılmazlıq və dolaşıqlıq yaradır, bu isə öz növbəsində fərqli yanaşmalara yol açır ki, bu da praktikada təsirsiz ötüşmür.
Hazırkı işdə olduğu kimi, çoxsaylı bank işlərində son dövrlər ciddi müzakirələrə səbəb olan və müşkül görünən məslələlərdən biri də kredit xətti müqaviləsi, baş müqavilə, əsas müqavilə və s. adla (adlar altında) bağlanmış müqavilələr əsasında zaminlik müqaviləsinin bağlanmasının mümkünlüyü, başqa sözlə desək, həmin zaminlik müqavilələrinin etibarlı olub-olmamasıdır.
Bununla bağlı, əvvəla nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin nə Ümumi Hissəsində (VII Bölmə. XX Fəsil. Müqavilə hüquq. §1. Müqavilə anlayışı və şərtləri, §2.Müqavilənin bağlanması, §3.Müqavilənin standart şərtləri, §4.Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi), nə də Xüsusi Hissənin müqavilələrin ayrı-ayrı növlərini tənzimləyən normalarda müqaviləyə  ad qoyulması və ya müqavilənin hansısa ad altında bağlanması deyə bir tələb nəzərdə tutulmamışdır.
İkincisi, hamılıqla qəbul olunmuş ümumi prinsip ondan ibarətdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə müqavilədəki söz və ifadələrin hərfi mənası ilə bağlı deyil. Bu zaman, məhkəmə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, həm də ağlabatan mühakimə əsasında müəyyən etməlidir.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində həm əqdlər haqqında ümumi müddalarda, həm də müqavilə hüququna dair fəsildə müvafiq olaraq əqdlərdə iradə ifadəsinin, müqavilələrdə isə müqavilə şərtlərini təfsirin tələb edən iki ayrı norma nəzərdə tutulmuşdur (Maddə 324.5 və Maddə 404).
Qanunun tələbinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli, müqavilə şərtləri təfsir edilərkən, bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədər aparılmış danışıqlar və yazışmalar, tərəflərin qarışılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, habelə tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır (Maddə 324.5 və  404.2). Nəzərdən qaçırmaq olmaz ki, həmin normalar həm də imperativ xarakter daşıyır.
Bu qeyd olunanların hazırkı işə tətbiqi barədə.
Hazırkı işin xülasəsi ondan ibarətdir ki, cavabdehlər kiçik bizneslərinin inkişafı məqsədi ilə ətraflı götür-qoy etdikdən sonra bankdan kredit götürmək barədə ailəlikcə qərar qəbul etmiş, bu məqsədlə iddiaçı bankla danışıqlar aparmış və danışıqların nəticəsi olaraq bankdan təminatlı kreditin alınması, onun müddəti, maksimum həddi, faizləri və digər şərtləri barədə razılıq əldə olunmuş, həmin razılaşmaya əsasən 14.08.2013- cü il tarixində ailə üzvlərindən T.Ə. ilə kredit xətti müqaviləsi kredit razılaşması, ailənin digər üzvləri –  M.Ə. və E.Ə. ilə zaminlik müqaviləsi imzalanmış, elə həmin vaxt da T.Ə.-yə bankdan nəğd şəkilədə 8700 manat məbləğində pul verilmiş, 23.07.2014-cü il tarixində T.Ə.yeni kredit razılaşmasına əsasən bankdan 6700 manat götürmüş, 28.07.2015-ci il tarixində T.Ə. ayrı-ayrı iki kredit razılaşması əsasında bankdan 5000 manat və 5000 ABŞ dolları məbləğində vəsait götürmüş, elə həmin tarixdə bankla ailənin yaxını olan digər cavabdeh R.R. ilə də zaminlik müqaviləsi bağlanmış, alınmış sonuncu kreditlərin qaytarılmasında yaranmış çətinliklər səbəbində cavbdehlərin müraciəti əsasında kreditlərin qaytarılmasını asanlaşdırmaq üçün iki dəfə – 14.12.2015-ci il və 04.03.2016-cı il tarixlərində kredit razılaşmalarına və ödəniş planına dəyişikliklər edilmiş, həmin dəyişikliklərə əsasən kreditlərin qaytarılması müddəti hər dəfə üç ay artırılmış, faizlər isə azadılmış, bundan sonra da razılaşdırılmış ödəniş planına uyğun ödənişlər edilmədiyindən,  bank yaranmış borcun müştərək qaydada həm əsas borcludan, həm də zaminlərdən tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.         
Birinci instansiya məhkəməsi iddia tələblərini zaminlər M.Ə. və E.Ə.-yə münasibətdə rədd edərkən mövqeyini belə əsaslandırmışdır:
Birincisi, bankla əsas borclu arasında bağlanmış 14.08.2013-cü il tarixli kredit xətti müqaviləsi mülki hüquqi nəticələr yaratmayan niyyət razılaşmasıdır, həmin müqaviləyə ilkin müqavilə kimi də qiymət verilə bilməz, onun əsasında tərəflər arasında hər hansı öhdəlik yaranmamışdır;
İkincisi, borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi andan bağlanmış sayılır, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması üçün hüquqi fakt baş verməlidir, hüquqi fakt olmadan hüquq münasibətləri yarana, dəyişə və xitam oluna bilməz, əsas borcluya real olaraq pul verilməmişdir, təkcə müqavilənin bağlanması yetərli deyil, əsas öhdəlik mövcud olmadığından zaminlərin də öhdəliyi yaranmamışdır.
İddia tələblərini digər zamin R.R.-ə münasibətdə rədd edərkən isə birinci instansiya məhkəməsi  ona əsaslanmışdır ki, R.R. 28.07.2015-ci il tarixində zaminlik müqaviləsi bağlayarkən əsas borclu bankdan real olaraq pul alsa da, lakin sonradan həmin müqavilələrə edilmiş dəyişikliklər onun iştirakı olmadan həyata keçirilmiş, nəticədə kreditin faizləri azalsa da, kreditin ödənilməsi müddəti artırıldığından borc alanın ödəməli olduğu məbləğ artmış, bu isə öz növbəsində zaminin məsuliyyətini artırmışdır ki, bu da zaminliyə xitam verilməsi deməkdir.  
Birinci instansiya məhkəməsinin bu mövqeyi həm baxılan işin faktiki halları, həm də istinad olunan maddi hüquq normalarının tətbiqi və təfsiri baxımından əsaslı sayıla bilməz.
Belə ki;
Əvvəla, borc (kredit) müqaviləsinin mütləq qaydada vahid bir sənədin tərtib edilməsi formasında bağlanılması, bu qaydanın gözlənilməməsinin isə onun etibarsızlığına səbəb olması barədə qanunda (Mülki Məcəllədə) hər hansı bir göstəriş yoxdur.  
Hazırkı iş üzrə tərəflər arasında müqavilələr bağlandığı vaxt qüvvədə olan qanun borc müqaviləsinin şifahi formada bağlanmasını, tərəflərin razılaşması ilə yazılı formadan da istifadənin mümkünlüyünü nəzərdə tuturdu (Mülki Məcəllə, maddə 740)
Qeyd: «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» 31 may 2016-ci il tarixli Qanunla  Mülki Məcəllənin dəyişiklik edilmiş 740-cı maddəsi borc müqaviləsinin şifahi və ya yazılı formada bağlanmasını, borc pulun məbləği üç min manatdan artıq olduqda, habelə məbləğindən asılı olmayaraq müqavilənin iştirakçıları hüquqi şəxslər olduqda müqavilənin yazılı formasına əməl olunmasını tələb edir.
Qüvvədə olan qanunun müqaviləyə verdiyi anlayışa görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
 Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (Mülki Məcəllə, maddə 389.1-398.2).
Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər,…, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi, habelə poçt, teleqraf, elektron rabitəsi və s. formada sənədlərin mübadiləsi yolu ilə bağlana bilər, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır (maddə 406.1, 406.2, 406.3, 407.1). Maddədə «bir» sözünün işlədilməsi heç də razılığa gələn   tərəflərin mütləq qaydada vahid sənədi imzalamasını nəzərdə tutmur.
Bu zaman nəzərə almaq lazımdır ki, Azərbaycan dilinin qrammatik qaydalarına əsasən «bir» omonim  olaraq say bildirməkdən başqa (bir, iki, üç...), həm də köməkçi nitq hissəsi olaraq ədat kimi istifadə edilir və özündən sonra gələn sözün və ya söz birləşməsinin təsir gücünü artırır. (Məsələn: Gəl, gedək, bir çay içək; Bir bax onun halına; Gör necə gözəl bir mənzərədir və s.)
Mülki Məcəllənin 406.3-ci maddəsinin birnici cümləsindəki  «sənədin» sözündən əvvəl istifadə edilmiş «bir» sözü də say deyil, ədat kimi, tərtib edilməli vasitənin məhz «sənəd» olduğunu vurğulamaq üçün işlədilmişdir.
Yuxarıda istinad olunan normaların qrammatik və sistematik təhlilindən məlum olur ki, müqavilə həm bir neçə və müxtəlif sənədlərin imzalanması, hətta tərəflər arasında poçt, teleqraf, telefon, elektron rabitəsi və sair formada sənəd mübadiləsi yolu ilə də bağlana bilər. Bu zaman vacib olan məsələ müqavilə tərəflərinin həqiqi iradə ifadəsini əks etdirən razılaşmanın olmasının müəyyən edilməsidir.  
Hazırkı işin mübahisəsiz olan halları ondan ibarətdir ki, iddiaçı bankla əsas borclu T.Ə. arasında 14.08.2013-cü il tarixində 120 ay müddətinə olmaqla, 50.000 ABŞ dolları həcmində vəsaitin ayrılması barədə kredit xətti müqaviləsi, elə həmin tarixdə də borcluya 8700 manat, 23.07.2014-cü il tarixində 6700 manat, 28.07.2015-ci il tarixində isə 5.000 manat və 5.000 ABŞ dolları verilməklə ayrı-ayrı dörd kredit razılaşması bağlanmışdır.
Tərəflər arasında bağlanmış 14.08.2013-cü il tarixli kredit xətti müqaviləsində borcalana veriləcək hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və sair şərtlərinin hər dəfə bağlanacaq və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən ediləcəyi nəzərdə tutulmuşdur.
Eləcə də tərəflər arasında bağlanmış bütün kredit razılaşmalarına əlavə olunan ödəniş planının kredit razılaşmasının ayrılmaz tərkib hissəsi, kredit razılaşmalarının isə 14.08.2013-cü il tarixli kredit xətti müqaviləsinin tərkib hissəsi olduğu xüsusi olaraq nəzərdə tutulmuşdur.
Göründüyü kimi, tərəflər –  iddiaçı bank və əsas borclu T.Ə.:
- bankın T.Ə.-yə borc pul verməsi;
- veriləcək borcun yuxarı həddinin 50.000 ABŞ dolları həcmində olacağı;
- borcun 120 ay müddətinə veriləcəyi;
- borcun həm milli, həm də xarici valyutada veriləcəyi;
- borcun faizlərinin və digər şərtlərinin, o cümlədən də ödəmələri tənzimləyən müvafiq ödəniş planının hər dəfə konkret pul götürülərkən dəqiqləşdiriləcəyi barədə danışıqlar aparmış və həqiqi iradə ifadələrinə uyğun vahid razılığa gəlmişlər – müqavilə bağlamışlar.
Başqa sözlə, neçə sənəd tərtib edilməsindən və onların necə adlandırılmasından (kredit xətti müqaviləsi, kredit razılaşması, ödəniş planı) asılı olmayaraq, tərəflər borcun verilməsi, onun məbləği, müddəti, faizləri, ödəmə qaydası və sair şərtlərinə  dair vahid bir razılaşma əldə etmişlər.
  Bu baxımdan işə baxmış birinci instansiya məhkəməsi tərəflərin borcla bağlı tərtib etdikləri müxtəlif adlı sənədlərin, məhz onların mənafe və məqsədlərinə uyğun olan və sərbəst iradəvi hərəkətləri əsasında əldə olunmuş vahid razılaşmanın tərkib hissəsi olması faktına  düzgün qiymət verə bilməmişdir.
Məhkəmə səhvən tərəflər arasında borcla bağlı bu vahid razılaşmanının tərkib hissəsi olan «kredit xətti müqaviləsi» və «kredit razılaşması»nı ayrı-ayrı müstəqil razılaşma (müstəqil müqavilə) kimi dəyərləndirmiş və məhz bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi münasibətləri, müvafiq olaraq da onların mülki hüquq və vəzifələrini müəyyən edərkən yanlışlığa yol vermişdir.
Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14-cü maddəsinin tələblərini də gözləməmiş – işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir.
Belə ki, məhkəmə qətnaməsində belə qənaətə gəlmişdir ki, tərəflər arasında 14.08.2013-cü il tarixli «kredit xətti müqaviləsi» bağlanarkən bank tərəfindən borclu T.Ə.-yə real olaraq hər hansı pul verilməmiş, demək ki, tərəflər arasında mülki hüquq və vəzifələrin yaranması üçün zəruri olan hüquqi fakt baş verməmişdir.
Halbuki, apellyasiya şikayəti üzrə aparılan araşdırmalar zamanı  tərəflər arasında məhz həmin tarixli «kredit razılaşması» adlanan daha bir sənədin imzalanması və həmin sənədə əsasən də borclu T.Ə.-nin 14.08.2013-cü il tarixində bankdan 8700 manat pul vəsaitinin götürməsi – hüqüqi faktın baş verməsi – işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.
Bu isə birinci instansiya məhkəməsinin tərəflər arasındakı razılaşmanın – müqavilənin real olmamasına dair mülahizələrinin də əsassız olduğunu göstərir.
Birinci instansiya məhkəməsinin iddiaçı bankla digər cavabdehlər – zaminlər arasındakı münasibətlərlə bağlı gəldiyi nəticə də aşkar səhv olmuşdur.
Fikrimizcə, məhkəmənin bu səhvi:
- bankla T.Ə. arasında yaranmış borc münasibətlərinin vahid bir razılaşma əsasında yaranmış münasibətlər olduğunun düzgün qiymətləndirilməməsi;
- işin faktiki hallarının hərtərəfli və tam araşdırılmasını təmin edilməməsi;      
- zaminliklə bağlı maddi hüquq normalarını düzgün təfsir edilməməsilə bağlı olmuşdur.
 
Məhkəmə iki zaminə – M.Ə. və E.Ə.-yə münasibətdə bankla borclu arasında bağlanmış 14.08.2013-cü il tarixli «kredit xətti müqaviləsi»niə ayrıca razılaşma kimi yanaşmış və onun tərəflər üçün hər hansı öhdəlik yaratmadığını, əsas öhdəlik olmadığından zaminlər üçün də öhdəliyin yaranmadığını, pulun real olaraq borcalana verilmədiyi, habelə zaminlərin sonrakı «kredit razılaşmaları»nı imzalamadıqlarını qeyd etmiş və bunlara istinadən də iddia tələbələrini həmin zaminlərə münasibətdə rədd etmişdir.
Halbuki yuxarıda da qeyd olunduğu kimi, həmin zaminlər müqavilə bağladıqları vaxt əsas borclu bankdan 8700 manat pulu real olaraq götürmüş, həmin zaminlər «kredit razılaşması»nın əlavəsi olan ödəmə planını, hətta sonuncu dəyişikliyin edildiyi zaman da ödəmə planınını imzalamışlar.
Birinci instansiya məhkəməsi, eləcə də göstərmişdir ki, borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi andan bağlanmış sayılır, təkcə müqavilənin bağlanması yetərli deyildir, buna görə də 14.08.13-cü il tarixli kredit xətti müqaviləsinə əsasən əsas öhdəlik mövcud olmadığından zaminlərin də öhdəliyi yaranmamışdır.
Məhkəmənin bu mövqeyi də açıq-aşkar səhv olmuşdur.
Məhkəmə həmin mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 477.0.1-ci maddəsinə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə tərkibinə daxil olan hakimlərin çoxu isə həm də  «Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1, 470.2,471-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun  04.09.2012-ci il tarixli Qərarına, eləcə də Mülki Məcəllənin 470.2 və 477-ci maddələrinə istinad etmiş, bununla belə, istinad edilən həm maddi hüquq normaları, həm də Konstitusiaya Məhkəməsinin Qərarda əks olunmuş hüquqi mövqeyi səhv təfsir edilmişdir.  
Belə ki, qanunun tələbinə görə zaminlik müqaviləsi həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Mülki Məcəllə, maddə 470.2).
Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında Mülki Məcəllənin 470.2-ci maddəsi şərh edilərək göstərilmişdir ki, «…maddədə təsbit olunmuşgələcəkdə yaranacaq öhdəliyin təmini edilməsi zaminin əvvəlcədən razılıaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir,…zaminlik müqaviləsinin tərəflərinin hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlir…». 
Fikrimizcə, burada hər şey aydın və asan başa düşüləndir.
Diqqət çəkən məsələ həm də ondan ibarətdir ki, məhkəmə tərkibinə daxil olan əksəriyyətin qəbul etdiyi qətnamədə də Konstitusiya Məhkəməsinin Qərarında əks olunmuş həmin mövqeyə iki dəfə istinad olunmuşdur.
Hətta şərti olaraq, bankla əsas borclu T.Ə. arasında bağlanmış 14.08.2013-cü il tarixli kredit xətti müqaviləsini ayrıca razılaşma kimi qəbul edib onun - «…tərəflər üçün hər hansı hüquq və vəzifə yaratmayan, heç ilkin müqavilə kimi də qiymətləndirilə bilməyən, olsa-olsa niyyət razılaşması olduğunu..» hesab edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış olsaq belə, bunun özünün də hansı əsasa görə zaminlik müqaviləsinin xitamına səbəb olması yenə də anlaşılmaz olaraq qalır.
İddia tələblərini digər zamin R.R.-ə münasibətdə rədd edərkən isə birinci instansiya məhkəməsi ona əsaslanmışdır ki, R.R. 28.07.2015-ci il tarixində zaminlik müqaviləsi bağlayarkən əsas borclu bankdan real olaraq pul alsa da, lakin sonradan həmin müqavilələrə edilmiş dəyişikliklər onun iştirakı olmadan həyata keçirilmiş, nəticədə kreditin faizləri azalsa da, kreditin ödənilməsi müddəti artırıldığından borc alanın ödəməli olduğu məbləğ artmış, bu isə öz növbəsində zaminin məsuliyyətini artırmışdır ki, bu da zaminliyə xitam verilməsi deməkdir. 
Hazırkı işin mübahisəsiz hallarından biri də ondan ibarətdir ki, tərəflər arasında kredit razılaşmalarına iki dəfə – 24.12.2015-ci il və 04.03.2016-ci il tarixlərində yazılı dəyişiklik edilmiş və müvafiq olaraq hər dəfə üç ay olmaqla kreditlərin ödənilməsi müddəti uzadılmışdır. Həmin dəyişikliklərə əsasən də ödəmə planınıa görə borclunun ödəməli olduğu məbləğ müvafiq olaraq 5252.62 manat və 5807.52 ABŞ dolları həcmində müəyyən olunmuşdur.
Cavabdeh R.R.-in zamin durduğu əsas öhdəliyin həcmi 14.08.2013-cü il tarixli müqaviləyə əsasən 50000 ABŞ dolları, ödəmə müddəti isə 120 ay müəyyən edilmişdir.
Göründüyü kimi, dəyişikliyə əsasən əsas borclunun ödəməli olduğu məbləğin cəmi zaminin təminat verdiyi ümumi (50.000 ABŞ dolları) məbləğin beşdə biri həddində, sonuncu kredit razılaşması ilə müəyyən olunmuş 18 aylıq müddət uzadılması isə iki dəyişikliyə əsasən hər dəfə  3(üç) ay olmaqla cəmi 6 (altı) ay təşkil etmişdir ki, bu da ümumi müddətə münasibətdə nəzərə alınmayacaq dərəcədə az olmaqla yanaşı, həm də təminat verilmiş 120 aylıq müddət daxilində olmuşdur.      
Belə olan halda, zaminliyə xitam verilməsinə gətirib çıxaran zaminin məsuliyyətinin artmasının nədən ibarət olması anlaşılmaz olaraq qalır.
Mülki Məcəllənin 477- ci maddəsində zaminliyə xitamın əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də əsas öhdəliyin dəyişdirilməsidir(maddə 477.0.1-ci maddənin 2-ci cümləsi), lakin dərhal da qeyd olunmalıdır ki, həmin norma əsas öhdəliyin hər hansı dəyişikliyini deyil, yalnız zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan dəyişikliyi nəzərdə tutur. Bu isə öz növbəsində normada nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcudluğunun xüsus olaraq əsaslandırılmasını tələb edir.  
Hazırkı işdə birinci instansiya məhkəməsi həmin məsələyə dair gəldiyi qənaətini hər hansı formada əsaslandırmamışdır. Əslində bunun hər hansı formada əsaslandırılması da mümkün deyildir. Çünki hazırki iş üzrə əsas öhdəliyin həm həcmi, həm də müddəti daxilində edilmiş cüzi dəyişikliklər heç bir halda zaminin məsuliyyətinə təsir göstərmir və onun üçün hər hansı əlverişsiz nəticələrə səbəb olmur.
Ümumiyyətlə isə, əsas öhdəliyin həcmi və müddətləri daxilində ona edilmiş dəyişikliklərin zaminin məsuliyyətinin artırması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması çox müstəsna hallarda və xüsusən də, əsas öhdəliyin mahiyyəti ilə bağlı ola bilər. Məsələn:
Zaminlik institunun mahiyyətindən  və birinci instansiya məhkəməsinin özünün də istinad etdiyi Mülki Məcəllənin 470-477-ci maddələrinin (477.0.1-ci maddə xüsusən) müqayisəli və sistematik təhlilindən  də məhz bu qənaət hasil olur.
Hazırkı işdə olduğu kimi, əks yanaşma, qanunun mahiyyətinə, onun güddüyü məqsədlərə zidd olmaqla yanaşı, həm də mülki dövriyyənin sabitliyi və dayanıqlığının təmin olunması baxımından da yolverilməzdir. 
Bundan başqa, hazırkı iş üzrə həm birinci instansiya məhkəməsinin, həm də məhkəmə tərkibinə daxil olan çoxluğun qəbul etdikləri qətnamələrdə belə bir fikir də yer almışdır ki, zaminlər bankla əsas borclu arasında sonradan bağlanmış kredit razılaşmalarını imzalamamışlar, demək ki, verilən kreditin həm faizləri, həm də digər mühüm şərtlərindən məlumatsız olmuşlar, onların zamin durduqları və məlumatlı olduqları 14.08.2013-cü il tarixli «kredit xətti müqaviləsi»ndə isə kreditin əsas məbləği və ümumi müddəti göstərilsə də, lakin faizlər, cərimələr və digər xərclərin tətbiqi məsələləri həmin müqavilədə göstərilməmiş – nəzərdə tutulmamışdır.    
Hazırkı işin faktiki halları baxımından bunun belə olmadığı, zaminlərin kredit razılaşmalarının əlavəsi və həm də tərkib hissəsi olan ödəmə (qrafiki) planlarını xüsusi qeydlərlə imzaladıqları, ödəmə planlarında isə kreditin həm məbləği, həm müddəti, həm faizləri, həm də geciktirmələr zamanı nəzərdə tutulan cərimələr barədə məlumatların əks edildiyi, faktiki olaraq isə zaminlərin kreditin bu şərtləri barədə tam məlumatlı olduqlarını, artıq yuxarıda qeyd olunmuşdur.
Bununla belə, həmin məsələnin qüvvədə olan qanunun tələbləri baxımından da  nəzərdən keçirilməsini zəruri hesab edirəm.
Qanunun tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ….əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllə, maddə 472.1.-472.2)
Demək ki, zaminlik müqaviləsində kreditin faiz dərəcəsi və digər xərclərinin göstərilməməsi, müqavilədə ayrı qaydanın nəzərdə tutulmadığı hallarda(hazırkı işdə olduğu kimi), qətiyyən zaminlik müqaviləsinin xitamına səbəb olmur.
Çünki Mülki Məcəllənin 472.2-ci maddəsi məhz bu məsələni tənzimləyir və zaminlik müqaviləsində ayrı qaydanın müəyyən olunmadığı və faizlərin və digər xərclərin müqavilədə göstərilmədiyi hallarda zaminin həm də bu məsələlərdə əsas borclu ilə eyni həcmədə məsuliyyət daşıdığınıa dair birbaşa göstəriş nəzərdə tutur.    
Bu isə o anlama gəlir ki, hətta kreditorla əsas borclu T.Ə. arasında bağlanmış 14.08.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən zamin durmuş şəxslər (nə qədər ki onların zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdır), kreditin faiz dərəcəsi və öhdəliyin icra edilməməsinin digər xərclərini nəzərdə tutuan sonrakı kredit razılaşmalarını imzalamamış olsalar belə, qanunun (Mülki Məcəllənin 472.2-ci maddənin birbaşa göstərişinə əsasən) tələbinə görə onlar həmin öhdəliklərə münasibətdə də borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar.   
Zaminliklə bağlı normaların təhlili belə qənaətə gəlməyə əsas verir ki, bu halda zamin ancaq faizlərin və cərimənin həddinin işgüzar adətlərədən və mövcud praktikadan əhəmiyyətli dərəcədə fərqlənən hissəsini mübahisələndirmək haqqına malikdir. Və dərhal da qeyd olunmalıdır ki, bu halın özü də zamini əsas öhdəlik və işgüzar adətlər və mövcud praktikaya uyğun olan faizlərin və digər xərclərin ödənilməsindən azad olunması, eləcə də zaminliyə xitam verilməsinə əsas ola bilməz.  
Eyni qayda əsas öhdəliyin həcminin zaminin razılığı olmadan dəyişdirilməsi halı üçün də keçərli sayılmalıdır. Məsələn, kreditorla borclu 50.000 ABŞ dolları həddində borc müqaviləsi bağlamışlar. Sonradan əsas öhdəliyin tərəfləri zaminin razılığı olmadan müqaviləni dəyişərək 50.000 ABŞ dollarından əlavə 20.000 ABŞ dolları həddində borcun verilməsi barədə razılığa gəlmişlər.
Borclu tərəfindən öhdəliyin icra edilməməsi səbəbindən tələb irəli sürüldükdə zaminlik müqaviləsinə əsasən birgə borclu olan zamin, təbii olaraq onun razılığı olmadan edilmiş dəyişikliyə görə məsul olmadığı 20.000 ABŞ dolları və onunla bağlı olan xərcləri ödəməkdən azaddır və tələbin həmin hissəsini mübahisələndirə bilər, bu isə zaminin təminat verdiyi 50.000 ABŞ dolları həcmində olan öhdəlikdən irəli gələn tələblərə münasibətdə borclu ilə birgə məsuliyyətinə hər hansı təsir göstərmir və zaminliyə xitam üçün əsas ola bilməz.
Çünki qanunun (Mülki Məcəllə 477.0.1-ci maddənin ikinci cümləsinin) başqa  cür təfsiri, yuxarıda da vurğulandığı kimi, öhdəliklərin icrasının təmini üsuli olaraq zaminlik institunun mahiyyətinə və güddüyü məqsədlərə uyğun gəlmir.        
Axı zamin öz iradəsinə uyğun olaraq və qarşılıqlı razılığa gələrək həm məzmun, həm də formasına görə də tam etibarlı olan müqavilə bağlamaqla kreditor qarşısında öz üzərinə müəyyən öhdəliklər götürmüşdür. Təsadüfi deyildir ki, qanun da borclunun əvəzində öhdəliyi icra etmiş zamin üçün mühüm təminatlar nəzərdə tutmuşdur. 
Belə ki, qanuna əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir (Mülki Məcəllənin 475.1-ci maddəsinin birinci cümləsi).
Hətta qanun əsas öhdəliyi təmin edən zaminin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödənilməsini  tələb etmək hüququnu nəzərdə tutmuşdur(Mülki Məcəllənin 475.1-ci maddəsinin ikinci cümləsi).
Mülki Məcəllənin əqdlər, əqdlərin etibarsızlığı, müqavilə hüququ, müqavilənin dəyişdirilməsi və ləğvinin əsasları, habelə öhdəliklərə xitam verilməsinin əsaslarını müəyyən edən normalarıyla zaminliyə xitamın müzakirə olunan əsasını –  Məcəllənin 477.0.1-ci maddəsinin ikinci cümləsini müqayisəli təhlil etdikdə, əsas öhdəlikdə zaminin məsuliyyətinə təsir etməyən hər hansı dəyişikliyin edilməsinin nəyə görə zaminlik müqaviləsinin xitamınıa səbəb olması (şərtləndirməsi) aydın olmur və tam məntiqsiz görünür.
Bundan əlavə, həm birinci instansiya məhkəməsi, həm də məhkəmə tərkibinə daxil olan əksəriyyətin qəbul etdiyi qətnamədə kreditorla borclu T.Ə. arasında bağlanmış 14.08.2013-cü il tarixli kredit xətti müqaviləsini tərəflər üçün hüquq və vəzifələr yaratmayan «əhəmiyyətsiz müqavilə» hesab edərkən həm də ona istinad etmişlər ki, həmin müqavilədə - «bu müqavilə bankın kredit vermək vədini ifadə etmir»-məzmunlu şərt nəzərdə tutulmuşdur.
Bununla bağlı da qeyd olunmalıdır ki, bankın təklif etdiyi müqavilərin həmin şərti Mülki Məcəllənin 419.1-ci, 420.1, 420.1.3 və 420.2-ci mddəsinin ikinci cümləsinin imperativ xarakterli tələbləri baxımından öz-özlüyündə etibarzısdır.
Beləliklə də, bütün qeyd olunanlardan göründüyü kimi hazırkı iş üzrə birinci instansiya məhkəməsinin  qətnaməsi həm işin faktiki halları, həm prosessual, həm də maddi hüquq normalarının həm tətbiqi, xüsusən də təfsiri baxımından əsassız və qanunsuz olmuşdur.
Buna baxmayaraq məhkəmə tərkibinə daxil olan əksəriyyət tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxladığından, qəbul edilmiş həmin qərarla razılaşmıram. 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18.2-ci maddəsinin tələbinə görə əksəriyyətin qəbul etdiyi qərar ilə razılaşmayan hakim həmin qərarı imzalayır və öz rəyini yazılı şəkildə tərtib edərək işə əlavə edir.

Hakim:                                                                                ******