Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
HÜQUQ İCTİMAİYYƏTİNƏ MÜRACİƏT !!!
19.10.2012 4818


1. Konsepsiya sənədi və qanun layihəsini (Azərbaycan dilində) YÜKLƏ

2. Konsepsiya  sənədi  və  qanun  layihəsini  (İngilis  dilində)     YÜKLƏ

Hörmətli həmkarlar və veb-səhifəmizin əziz oxucuları!

Ölkəmizdə ödənişsiz hüquqi yardımın göstərilməsinin hüquqi mexanizmlərində bir sıra boşluqların mövcudluğu heç kim üçün sirr deyildir, xüsusilə də hüquqşünaslar üçün. Qeyd olunan boşluqlar əsasən, mülki, inzibati və s. işlərlə bağlıdır. Belə ki, aztəminatlı ailələrin mülki mübahisələrlə bağlı hüquqi yardımdan (hüquqi məsləhət və ya məhkəmədə təmsil olunmaq hüququndan) yararlanma imkanları məhduddur. Halbuki, Konstitusiyamızın 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun olmasına və belə yardımın qanunda nəzərdə tutulduğu hallarda dövlət hesabına göstərilməsinə təminat verir.
 
Bu məqsədlə, "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28.12.2006-cı il tarixli Sərəncamda 2007-2010-cu illərdə əhalinin hüquqi yardım almaq hüququndan daha səmərəli istifadə etməsinə kömək etmək məqsədilə ali təhsil müəssisələrinin hüquq fakültələri nəzdində “hüquq klinika"larının yaradılması və fəaliyyətlərinə kömək göstərilməli olduğu qeyd olunmuşdur. Bənzər müddəa (yoxsul əhalinin öz hüquqları barədə maarifləndirilməsi və onlara ödənişsiz hüquqi yardım xidmətinin göstərilməsi)  “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 15.09.2008-ci il tarixli Sərəncamda da göstərilmişdir.
 
Konstitusiyamızın qeyd olunan müddəasının gələcəkdə icrasının təmin edilməsi məqsədi ilə hüquq ictimaiyyətinin, habelə QHT-lərin də bu prosesə cəlb olunması həm zərur, həm də ki, hüquqşünas olaraq bizlərin dövlətimiz və xalqımız qarşısında vətəndaşlıq borcudur.
 
Məhz bununla bağlı, 2012-ci ilin fevral ayında "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB (AHİM) və "Azərbaycan Hüquqşünasları Konfederasiyası" İB (AHK) tərəfindən ölkəmizdə ilk dəfə olaraq "Ödənişsiz hüquqi yardım haqqında" qanun layihəsi və konsepsiya sənədinin hazırlanması üzrə peşəkar hüquqşünas və vəkillərdən ibarət İşçi Qrup yaradılmışdır. Keçən dövr ərzində Qrup tərəfindən müvafiq qanun layihəsi və konsepsiya sənədinin düzəlişlər də daxil olmaqla ilkin variantı hazırlanmışdır. Həmçinin qeyd olunan sənədlər Amerika Hüquqşünasları Assosiasiyasının (ABA/ROLI) Bakı nümayəndəliyinin dəstəyi ilə ingilis dilinə tərcümə olunmuşdur. Habelə İşçi Qrupun bəzi üzvləri bu sahədə təcrübənin ümumiləşdirilməsi məqsədi ilə ATƏT-nin Bakı Ofisinin xətti ilə Litva Respublikasına səfər də etmişlər. Cari ilin sentyabr ayında səfərin yekunlarına dair iclas keçirilmiş və tədbir çərçivəsində hüquq ictimaiyyətinin xahişi ilə qeyd olunan sənədlərin sosial şəbəkələr vasitəsi ilə ictimai müzakirəsinin keçirilməsi planlaşdırılmışdır.
 
Hörmətli oxucular!

Beləliklə, adı çəkilən qanun layihəsi və konsepsiya sənədini (bir faylda) aşağıdakı link vasitəsi ilə yükləməyinizi və sizlərin ictimai müzakirələrə qatılmağınızı xahiş edirik! Təbii ki, hər iki sənəd qüsurlardan xali deyildir və növbəti aylarda bu sənədlərin qanunverici orqana təqdim olunacağını nəzərə alarsaq, sənədlərdə olan çatışmamazlıqlarla bağlı təkliflərinizi səbirsizliklə gözləyirik.


İşçi Qrupun məlumatı