Bu gün Beynəlxalq Mətbuat Mərkəzində rəsmi dövlət qəzeti "Azərbaycan"la "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin birgə təşəbbüsü ilə nəşr olunmuş "Vəkil Məsləhətləri Toplusu" kitabının təqdimat mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyinin nəticəsi olaraq işıq üzü görmüş bu nəşrin qayəsini əhalinin hüquqi maariflənməsi səviyyəsinin artırılması vasitəsi ilə onların məhkəmələr və digər dövlət orqanlarına çıxış imkanlarının asanlaşdırılması, və müxtəlif vəziyyətlərdə hansı hüquqauyğun davranışdan yararlanmalı olduqları təşkil edir.
Tədbiri giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov nəşrin ölkəmizdə insan hüquqlarının səmərəli təmin edilməsi baxımından əhəmiyyətini və ölkə Prezidentinin müvafiq sərəncamının icrası istiqamətində uğurlu addım olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Daha sonra Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri, vəkil, Hakimlərin Seçki Komitəsinin üzvü Anar Bağırov çıxış edərək indiki dövrdə insanların hüquqi maariflənməsinin xüsusilə əhəmiyyətli olduğunu, onların daim inkişaf edən hüquq müasibətləri ilə ayaqlaşmalarının önəmini vurğulamışdır.
Tədbirdə həmçinin Milli Məclisin bir sıra deputatları, hakimlər, vəkillər, dövlət orqanlarının nümayəndələri, habelə təhsil, qeyri-hökumət təşkilatları və KİV təmsilçiləri iştirak etmişlər.
Qeyd olunmalıdır ki, nəşrin məzmunu sual-cavab formasındadır. Kitabda "Azərbaycan" qəzetində 2009-cu ildən etibarən dövrü olaraq "Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir" rubrikası çərçivəsində vətəndaşların hüquqa dair müxtəlif cavablandırılmış sualları öz əksini tapmışdır.
Azərbaycan Hüquq İslahatları Mərkəzinin
mətbuat xidməti