Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Hədəflərimiz
Vəkillərdən ibarət bir qrup Azərbaycan hüquqşünasları “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin yaradılması təşəbbüsünü irəli sürmüşlər. Artıq Mərkəz Ədliyyə Nazirliyndə qeydiyyatdan keçmiş və gələcək fəaliyyət istiqamətləri üzrə görüləcək konkret tədbirlər üzərində işlərini davam etdirməkdədir.

Son dövrlər ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının çoxşaxəli inkişafının geniş vüsət alması ictimai həyatın daha da demokratikləşməsinə təkan vermişdir və insan hüquqlarının qorunması, hüquqi biliklərin təbliği və əhalinin hüquqi maarifləndirilməsi sahəsində bir çox ictimai təşkilatlar fəaliyyətə başlamışlar.

Buna baxmayaraq, qeyd olunan sahədəki işlər qüsurlardan xali deyildir. Bəzi təşkilatlar öz fəaliyyətlərinə siyasi çalarlar qataraq ortada olan reallıqları həm işləri, həm də sözləri ilə siyasiləşdirməyə çalışırlar. Bu da öz növbəsində ölkəmizdə aparılan mütərəqqi hüquq islahatları haqqında vətəndaşlarda yanlış təsəvvürlərin yaranmasına rəvac vermiş olur.

Bununla əlaqədar Mərkəz qeyd olunan boşluğu qismən də olsa doldurmağa çalışacaq, hüquq sahəsində fəaliyyət göstərən bəzi QHT-lər barədə insanlar arasında formalaşmış mənfi stereotipin aradan qaldırılmasında səylərini əsirgəməyərək ölkəmizdə aparılan mütərəqqi hüquq islahatlarının gerçək tərəfini insanlara çatdıracaq, habelə bu islahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edəcəkdir.

Bütün deyilənləri nəzərə alaraq “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyi fəaliyyətinin əsas məqsədini ölkəmizdə aparılan hüquq islahatlarının ölkədə və xaricdə təbliği, bu sahədə əldə edilmiş təcrübənin mübadiləsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin fəaliyyətinə dəstəyin verilməsi, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi və genişləndirilməsi istiqamətində onların məhkəmələrə və digər orqanlara müraciət imkanlarının asanlaşdırılması, regionlarda hüquqi maarifləndirmə işinin genişləndirilməsi, aidiyyəti hüquqşünasların, həmçinin gənc hüquqşünasların qüvvəsinin bu işlərin daha da səmərələşdirilməsinə yönəldilməsi, onların fəaliyyətlərinin əlaqələndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsinə yönələn proqramlar və layihələrin hazırlanması və həyata keçirilməsində görür.


Anar Bağırov

İctimai Birliyin Sədri
Hüquq elmləri üzrə fəlsəfə doktoru
AR Vəkillər Kollegiyasının üzvü
AR Hakimlərin Seçki Komitəsinin üzvü