SAYT UZRƏ NAVİQASİYA
Tarix üzrə xəbər axtarışı:
İnsan hüquqları üzrə Avropa məhkəməsinin BÜLLETENİ |
İnzibati hüquq sual-cavab |
Nizamnamə
I. Ümumi qaydalar
1.1. “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyi (bundan sonra “Mərkəz” adlandırılacaq) özü özunu idarə edən, müstəqil, qeyri-hökumət (qeyri-kommersiya) təşkilatıdır. Mərkəz müvafiq beynəlxalq sənədlərin tələblərinə, Azərbaycan Respublikası Konstitusiyasına, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa, başqa qanunlara və bu Nizamnaməyə uyğun olaraq fəaliyyət göstərir.
1.2. Mərkəz daimi əsaslarla fəaliyyət göstərir və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.
1.3. Mərkəz qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs kimi əmlaka, ayrıca balansa, bank müəssisələrində valyuta və manat hesabına malik olmaqla, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və vəzifələr daşımaqla məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edə bilər.
1.4. Mərkəz azərbaycan və ingilis dillərində olmaqla özünün adı ilə dairəvi möhürə, emblemə, künc möhürünə və blanklara və digər zəruri rekvizitlərə malikdir.
1.5. Mərkəzin rəsmi adı:
Azərbaycan dilində: “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyi
İngilis dilində: “Azerbaijan Law Reform Centre” PublicAssociation
1.6. Mərkəz öz öhdəliklərinə görə ona məxsus olan əmlakla və pul vəsaitləri ilə cavabdehdir.
1.7. Mərkəz həm Azərbaycan Respublikasında, həm də xaricdə filiallar və nümayəndəliklər aça, hüquqi şəxs qismində müstəqil təsərrüfat subyektlərinin təsisçisi kimi çıxış edə, mövcud olan təşkilatlara, o cümlədən beynəlxalq təşkilatlara üzv ola bilər.
II. Mərkəzin fəaliyyətinin məqsədləri və fəaliyyət prinsipləri
2.1. Mərkəzin əsas məqsədi ölkəmizdə aparılan hüquq islahatlarının ölkədə və xaricdə təbliği, hüquqün müxtəlif sahələri üzrə təcrübənin öyrənilməsi və bu sahədə təhlillərin aparılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəmə-hüquq islahatları və ədalət mühakiməsinin həyata keçirilməsinə dəstəyin verilməsi, habelə hüquqi dövlətin formalaşdırılması, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsinə yönəlmiş proqram, layihələrin hazırlanması və həyata keçirilməsindən ibarətdir.
2.2. Mərkəzin fəaliyyəti müstəqillik, kollegiallıq, aşkarlıq, ictimai rəyin nəzərə alınması və obyektivlik prinsiplərinə əsaslanır.
2.3. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərinə aşağıdakılar daxildir:
2.3.1. hüquq sahəsində islahatlarının daha də dərinləşdirilməsinə dəstək vermək;
2.3.2. beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsinə nail olmaqla KİV, yerli icra və özünü idarəetmə orqanları, dövlət strukturları, beynəlxalq təşkilatlar, siyasi partiyalar, fondlar, QHT, yerli və xarici ali və orta ixtisas məktəbləri, həmçinin qanunvericiklə qadağan edilməyən digər təşkilatlarla Mərkəzin fəaliyyətləri istiqamətində əməkdaşlıq etmək;
2.3.3. hüquqşünasların elmi biliklərinin artırılmasına kömək etmək;
2.3.4. bu sahədə elmi-sahəvi nəşrlər dərc etmək və qanunvericiliyə uyğun olaraq öz mətbu orqanını təsis etmək;
2.3.5. hüquqi maarifləndirmə işi çərçivəsində elmi konfrans, simpozium, seminarların keçirilməsinə, habelə xaricdə keçirilən analoji tədbirlərin işində iştirak etmək üçün işlərin görülməsi istiqamətində fəaliyyət göstərmək;
2.3.6. hüquq, hüquq qaydası və ədalət mühakiməsi sahəsi üzrə sosioloji sorğular keçirmək;
2.3.7. hakimlərin, məhkəmə aparatı işçilərinin, dövlət ittihamçılarının, vəkillərin və s. hüquqşünasların ədalət mühakiməsi fəaliyyətinin daha da səmərəliləşdirilməsi işinə səfərbər etmək, həmçinin gənc hüquqşünasların qüvvəsini bu işlərin daha da səmərələşdirilməsinə yönəltmək;
2.3.8. hakimlərin, məhkəmə aparatı işçilərinin, dövlət ittihamçılarının, vəkillərin və s. hüquqşünasların yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə tanış olmalarına şərait yaratmaq;
2.3.9. hüquq qaydasının, ədalət mühakiməsinin yaxşılaşdırılması, aidiyyəti hüquqşünasların peşə hazırlıqlarının səviyyəsinin artırılması üçün layihələr çərçivəsində yerli və xarici təşkilatların vəsaitlərini cəlb etmək;
2.3.10. öz üzvlərinin fəal peşə və ictimai fəaliyyəti üçün şərait yaratmaq, hüquqşünaslar arasında əməkdaşlığı inkişaf etdirmək, hüquq təhsilinin təkmilləşdirilməsi məqsədilə proqramlar hazırlamaq və onun həyata keçirilməsində yaxından iştirak etmək;
2.3.11. hüquqşünas peşəsinin nüfuzunun qaldırılması, onların qanunun tələblərinə əməl etməsi, həmçinin onlarda zəruri peşə və mənəvi keyfiyyətlərin formalaşdırılmasına, peşə etikası normalarına riayət edilməsinə kömək etmək;
2.3.12. inkişaf etmiş xarici ölkələrin hüquq sahəsində təcrübəsinin öyrənmək;
2.3.13. Nizamnamədə qeyd olunan istiqamətlər üzrə hüquqi normativ aktların təkmilləşdirilməsi, qanunlarda olan boşluqların aradan qaldırılması təklifləri ilə çıxış etmək və qanunların tətbiqi təcrübəsini ümumiləşdirmək;
2.3.14. Mərkəzin yaradılması məqsədlərinə nail olunmasına yönəlmiş sahibkarlıq fəaliyyətini həyata keçirmək;
2.3.15. Aztəminatlı və imkansız ailələrə ödənişsiz hüquqi yardım göstərilməsi məqsədi ilə mərkəzlər yaratmaq.
2.4. Mərkəz öz məqsədlərinə nail olmaq üçün bu Nizamnamədən irəli gələn digər işləri də həyata keçirə bilər.
2.5. Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir.
II. Mərkəzin idarə olunma qaydası
3.1. Mərkəz təsisçilərdən, üzvlərdən və köməkçilərdən ibarət tərkibdə fəaliyyət göstərir.
3.2. Mərkəz aşağıdakı orqanlar vasitəsi ilə idarə olunur:
3.2.1. Ümumi yığıncaq;
3.2.2. İdarə heyəti;
3.2.3. Mərkəzin sədri;
3.2.4. Mərkəzin Aparatı.
3.3. Ümumi yığıncaq Mərkəzin ali idarəetmə orqanıdır. O, ildə bir dəfədən az olmayaraq çağırılır və Mərkəz sədrinin sədrliyi ilə aparılır.
3.4. Növbədənkənar yığıncaq Mərkəz sədrinin, İdarə heyətinin, təsisçilərdən birinin və ya üzvlərin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Növbədənkənar yığıncağın keçirilməsinə təşəbbüs göstərən şəxs(lər) bu haqda İdarə heyətini məlumatlandırır və yığıncaq tələb daxil olduqdan sonra 1 aydan gec olmamaq şərtilə çağırılır.
3.5. Mərkəzin təsisçilərinə və üzvlərinə Ümumi yığıncağın yeri və vaxtı haqqında Mərkəzin Aparatı tərəfindən ən azı 2 həftə əvvəl məlumat verilir.
3.6. Ümumi yığıncağın səlahiyyətlərinə aşağıdakılar daxildir:
3.6.1. Mərkəzin cari və gələcək fəaliyyəti ilə bağlı qərarların qəbulu;
3.6.2. Mərkəzin Nizamnaməsinin qəbulu və ona dəyişikliyin edilməsi;
3.6.3. Mərkəzin əmlakının formalaşdırılma və istifadə prinsiplərinin müəyyən edilməsi;
3.6.4. Mərkəzin İdarə heyətinin təşkili və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
3.6.5. İdarə heyəti tərəfindən təqdim olunan illik hesabatın dinlənilməsi və onun təsdiqi;
3.6.6. Mərkəzin başqa təşkilatlarda iştirak etməsi məsələsinin həlli;
3.6.7. Zərurət olduqda Mərkəzin daxilində digər orqanların təşkil edilməsi;
3.6.8. İdarə heyətinin tərkibinin müəyyən edilməsi;
3.6.9. Mərkəzin yenidən təşkili və ləğv edilməsi məsələsinin həlli;
3.6.10. Qanunvericiliklə qadağan olunmayan digər məsələlər barədə qərarların qəbulu.
3.7. Ümumi yığıncaq yalnız Mərkəz üzvlərinin üçdə ikisi iştirak etdikdə Nizamnaməyə dəyişiklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.
3.8. Ümumi yığıncaq açıq keçirilir və yazılı protokolu aparılır. Yazılı protokoldan əlavə, elektron vasitələrdən istifadəyə məhdudiyyət qoyulmur. Protokol yığıncağın sədri və katib tərəfindən imzalanır və surəti Mərkəzin istənilən üzvünə təqdim oluna bilər.
3.9. İdarə heyəti Mərkəzin kollegial icra orqanıdır. O, Mərkəzin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və Ümumi yığıncaq qarşısında hesabat verir.
3.10. İdarə heyətinin tərkibi Mərkəzin üzvləri sırasından Ümumi yığıncaq tərəfindən səsvermə vasitəsi ilə müəyyənləşdirilir və 3 il müddətinə təyin edilirlər. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq İdarə heyətinin üzvü seçilə bilməz. Mərkəzin sədri vəzifəsinə görə İdarə heyətinin üzvüdür. İdarə heyətinin üzvləri müstəqildirlər və yalnız Nizamnaməyə tabedirlər.
3.11. İdarə heyəti 7 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
3.12. İdarə heyətinin səlahiyyətlərinə aşağıdakılar daxildir:
3.12.1. Ümumi yığıncaqlarda qəbul edilən qərarların icrasının təmin edilməsi;
3.12.2. İdarə heyətinin yığıncaqlarının keçirilməsi və qəbul edilən qərarların icrasının təmin edilməsi;
3.12.3. dövlət orqanları, ictimai və beynəlxalq təşkilatlara Nizamnamədə əks olunmuş məsələlərlə bağlı təkliflərin verilməsi;
3.12.4. Mərkəzin illik büdcəsinin, tədbirlər planının, layihələrinin və digər proqramlarının təsdiqi;
3.12.5. Üzvlərin mükafatlandırılması və cəzalandırılması məsələlərinin həlli;
3.12.6. Mərkəzin filiallarının yaradılması və nümayəndəliklərinin açılması, filial və nümayəndəliklərin əsasnamələrinin təsdiqi;
3.12.7. Mərkəzin üzvləri arasından Mərkəzin Aparatının Baş Koordinatorunu vəzifəyə təyin edir;
3.12.8. Mərkəzin Aparatının işçilərinin attestasiyasının keçirilməsi;
3.12.8. Nizamnamə ilə ona aid edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.
3.13. İdarə heyətinin yığıncaqları rübdə bir dəfədən az olmayaraq keçirilir və onun işində İdarə Heyəti üzvlərinin 6-sı iştirak etdikdə səlahiyyətli sayılır.
3.14. İdarə heyətinin üzvü İdarə heyətinin yığıncaqlarında üzrsüz səbəbdən ardıcıl 3 dəfə iştirak etmədikdə, İdarə heyəti üzvlərinin azı üçdə birinin tələbi ilə onun İdarə heyətinin üzvlüyündən azad edilməsi məsələsinə baxıla bilər.
3.15. İdarə heyətinin qərarları onun yığıncağında iştirak edən İdarə heyəti üzvlərinin səs çoxluğu ilə açıq və ya gizli səsvermə yolu ilə qəbul olunur. İdarə heyətinin yığıncaqda iştirak edən üzvlərinin üçdə biri tələb etdikdə, səsvermə gizli keçirilir. İdarə heyəti üzvlərinin üçdə biri bu və ya digər səbəblərdən öz funksiyalarını icra edə bilmədikdə, Mərkəzin növbədənkənar Ümumi yığıncağı çağırılır və həmin vəzifələrə yeni üzvlər seçilir.
3.16. İdarə heyətinin yığıncaqlarına Mərkəzin sədri sədrlik edir.
3.17. İdarə heyətinin üzvlüyünə aşağıdakı hallarda xitam verilir:
3.17.1. öz arzusu ilə İdarə heyəti üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
3.17.2. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
3.17.3vəfat etdikdə;
3.17.4. məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;
3.17.5. İdarə heyətinin yığıncaqlarında üzrsüz səbəbdən ardıcıl 3 dəfə iştirak etmədikdə. Bu barədə qərar İdarə heyəti üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
3.18. Mərkəzin sədri qurumun ümumi işinə rəhbərlik etməklə Ümumi yığıncaq tərəfindən İdarə heyətinin tərkibindən gizli səsvermə və sadə səs çoxluğu ilə seçilir.
3.19. Mərkəz sədrinin səlahiyyətlərinə aşağıdakılar daxildir:
3.19.1. Mərkəzin təmsil edilməsi, onun adından müqavilə və sazişlərin imzalanması;
3.19.2. Mərkəzin işinin təşkili, müvafiq yazılı və şifahi göstərişlərin verilməsi;
3.19.3. Ümumi yığıncaq və İdarə heyətinin yığıncağına sədrliyin edilməsi;
3.19.4. Mərkəzin Ümumi yığıncaqlarında baxılmalı olan məsələlərin hazırlanmasına ümumi rəhbərliyin həyata keçirilməsi;
3.19.5. Ümumi yığıncağın və İdarə heyəti yığıncağının qərarlarının icrasının təmin edilməsi;
3.19.6. Mərkəzin fəaliyyətinin təmin edilməsi üçün onun büdcəsi üzərində sərəncamın verilməsi;
3.19.7. Mərkəzin Aparatının işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.19.8. Nizamnamə ilə ona aid edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.
3.20. Mərkəz sədri 3.19.6.-cı bənddə qeyd olunan məsələlərin həllini İdarə heyətin üzvlərindən birinə həvalə edə bilər.
3.21. Mərkəzin sədri səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, İdarə heyətinin üzvləri öz sıralarından Mərkəzə müvəqqəti sədr əvəzi seçirlər. Sədr əvəzi seçildiyi müddətdə Mərkəz sədrinin səlahiyyətlərini tam həcmdə həyata keçirir. Mərkəzin sədri növbədənkənar Ümumi yığıncaqda gizli səsvermə və sadə səs çoxluğu ilə seçilir.
3.22. Mərkəz sədrinin səlahiyyət müddəti, habelə əmək şəraiti və əmək haqqı məsələləri onunla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilir. Mərkəzin adından əmək müqaviləsini təsisçilərin tərkibindən seçilmiş şəxs imzalayır.
3.23. Mərkəzin Aparatı Ümumi yığıncağın və İdarə heyətinin yığıncağının hazırlanmasına dair təşkilati işlərin həyata keçirilməsi, yığıncaqların protokollarının aparılması, qəbul edilən qərarların icrası, habelə Mərkəzin səlahiyyətləri ilə bağlı digər məsələlərin həll edilməsi üçün yaradılır.
3.24. Mərkəzin Aparatına rəhbərliyi Mərkəzin üzvləri arasından İdarə heyəti tərəfindən seçilərək təyin edilən Baş Koordinator həyata keçirir.
3.25. Aparatın işçiləri ilə münasibət əmək qanunvericiliyi əsasında tənzimlənir.
IV. Mərkəzin üzvlərinin hüquq və vəzifələri
IV. Mərkəzin üzvlərinin hüquq və vəzifələri
4.1. Mərkəz təsisçilərdən, üzvlərdən, habelə köməkçilərdən ibarət tərkibdə fəaliyyət göstərir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzin iştirakçıları ola bilərlər.
4.2. Mərkəzin təsisçiləri bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericilik və bu Nizamnamə ilə müəyyən edilir. BirliyintəsisçilərihəmdəBirliyinüzvlərihesabolunurlar.
4.3. Mərkəzin üzvləri bərabər hüquqlardan istifadə edirlər. Üzvlər üçün fərqli hüquqların müəyyən olunması yol verilməzdir.
4.4. Mərkəzin hər üzvü bir səs hüququna malikdir.
4.5. Mərkəzin hər bir üzvü birdəfəlik üzvlük haqqı ödəyir.
4.6. Mərkəzin üzvünün hüquqları aşağıdakılardır:
4.6.1. Nizamnaməyə müvafiq olaraq Mərkəzin idarə olunmasında iştirak etmək;
4.6.2. Mərkəzin idarə orqanlarını seçmək və seçilmək;
4.6.3. Mərkəzin fəaliyyəti haqqında məlumat almaq və təkliflər vermək;
4.6.4. Mərkəzin həyata keçirdiyi tədbirlərdə iştirak etmək;
4.6.5. Mərkəzin rəhbər orqanlarına nəzarət etmək;
4.6.6. Mərkəzin seçkili orqanlarının və vəzifəli şəxslərinin fəaliyyəti barədə məlumat almaq;
4.6.7. öz hüquq və vəzifələri ilə bağlı hər hansı bir məsələnin müzakirəsində şəxsən iştirak etmək, etirazını bildirmək, izahat və şikayət vermək;
4.6.8. öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Mərkəzə müraciət etmək.
4.7. Mərkəzin üzvünə yalnız Ümumi yığıncaq, İdarə heyəti və ya Mərkəzin sədri tərəfindən səlahiyyət verildikdə Mərkəzi təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
4.8. Mərkəzin üzvlərinin vəzifələri aşağıdakılardır:
4.8.1. Mərkəzin məqsəd və vəzifələrinin həyata keçirilməsində, onun nüfuzunun möhkəmləndirilməsində fəal iştirak etmək, Mərkəzin rəhbər orqanlarının qəbul etdiyi qərarları icra etmək;
4.8.2. Mərkəzin seçdiyi orqanların həyatında fəal iştirak etmək;
4.8.3. Mərkəzin Nizamnaməsinin, eləcə də ümumqəbulolunmuş əxlaq normaları və peşə etikasının tələblərinə əməl etmək;
4.9. Mərkəzin köməkçilərinə müvafiq olaraq Mərkəzin fəaliyyətində iştirak etməklə öz münasibətlərini Mərkəzlə təşkilati cəhətdən rəsmiləşdirmədən ona müxtəlif kömək və ya xidmətlər göstərməklə Mərkəzi dəstəkləyən fiziki və hüquqi şəxslər aiddir.
V. Üzvlüyə qəbul, ondan çıxmanın şərtləri və qaydası
5.1. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Mərkəzə üzvlərin qəbulu İdarə heyəti tərəfindən həyata keçirilir və üzv olmaq istəyən şəxs İdarə heyətinə yazılı müraciət edir. Ərizəyə 1 ay müddətində baxılır və İdarə heyəti üzvlərinin yarıdan çoxu müsbət münasibət bildirdikdə ərizəçi Mərkəzin üzvlüyünə qəbul edilir.
5.2. Hüquqi şəxslər ərizəsinə onun Nizamnaməsinin surəti, Nizamnamə ilə vəkil edilmiş orqanının Mərkəzə üzvluklə bağlı qərarı əlavə olunmalıdır. Mərkəzə hüquq sahəsində fəaliyyət göstərən hüquqi şəxslər üzv kimi qəbul edilirlər.
5.3. Mərkəzin üzvlərinə üzvlüyünü təsdiq edən üzvlük vəsiqəsi verilir.
5.4. Mərkəzə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
5.4.1. Mərkəz ləğv edildikdə;
5.4.2. öz arzusu ilə Mərkəzin üzvlüyündən çıxmaq barədə yazılı müraciət verdikdə;
5.4.3. Nizamnamənin tələblərini pozduqda;
5.4.4. Mərkəzin işində iştirak etməkdən müntəzəm olaraq boyun qaçırdıqda;
5.4.5. Mərkəzin üzvü adına layiq olmayan hərəkətlərə yol verdikdə;
5.4.6. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
5.5. Nizamnamənin tələblərinin pozulmasına görə Mərkəzin üzvünə ictimai təsir tədbirləri tətbiq oluna bilər və axırıncı tədbir kimi Mərkəz üzvlüyündən çıxarıla bilər.
5.6. Mərkəzin üzvünun üzvlükdən çıxarılması barədə qərarı İdarə Heyəti qəbul edir. Qeyd olunan məsələ ilə bağlı İdarə heyətinin yığıncağında üzvlərinin dörddə üçünün iştirakı və qərarın lehinə iştirak edənlərin dörddə üçünün səs verməsi ilə qərar qüvvəyə minmiş olur.
5.7. Mərkəzin üzvlüyündən çıxarılması məsələsi qaldırılan şəxsə İdarə Heyətinin yığıncağının yeri və vaxtı barədə Mərkəzin Aparatı tərəfindən 1 həftə əvvəl məlumatlandırılır və həmin məsələ ilə bağlı öz fikirlərini Ümumi yığıncaqda bildirmək tələbi olarsa, onun bu hüququ təmin edilməlidir. İdarə heyətinin yığıncağının yeri və vaxtı barədə xəbərdar edilmiş Mərkəzin üzvlüyündən çıxarılması məsələsi qaldırılan şəxsin İdarə heyətinin yığıncağına gəlməməsi həmin məsələnin müzakirə edilməsinə və qərar qəbul edilməsinə mane olmur.
5.8. Mərkəzin üzvünun üzvlükdən çıxarılma məsələsi Mərkəzin sədri tərəfindən İdarə heyətinin müzakirəsinə çıxarılır. İdarə heyətinə üzvlukdən çıxarılma üçün əsas olan halları təsdiq edən zəruri sənədlər təqdim edilir.
5.9. İdarə heyəti Mərkəzin üzvünün üzvlükdən çıxarılması məsələsi ilə bağlı 5.8-ci bənddə qeyd olunan sənədləri aldıqdan sonra 1 aydan gec olmayaraq həmin məsələ ilə bağlı qərar qəbul etməlidir.
5.10. İdarə heyətinin qərarı 10 gündən gec olmayaraq üzvlüyünə xitam verilmiş şəxsə təqdim olunmalıdır.
5.11. Mərkəzin üzvlüyündən çıxarılma barədə İdarə Heyətinin qərarını alan şəxs, qərarı aldığı andan 1 ay müddətində İdarə heyətinin Mərkəzin üzvlərindən formalaşdırdığı 5 nəfərdən ibarət ad hoc Apellyasiya komissiyasına şikayət verə bilər. Apellyasiya komissiyasının üzvləri öz fəaliyyətləri ərzində müstəqildirlər və yalnız Ümumi yığıncaq qarşısında hesabat verirlər. İdarə heyətinin üzvləri Apellyasiya komissiyasına üzv seçilə bilməzlər.
5.12. Apellyasiya komissiyası Mərkəzin üzvünün üzvlükdən çıxarılması barədə qərardan şikayəti aldığı andan 1 ay müddətində onun təmin olunması və ya rədd olunması barədə qərar çıxarmalıdır. Apellyasiya komissiyasının bu məsələ ilə bağlı qərarı o zaman səlahiyyətli sayılır ki, yığıncaqda Apellyasiya komissiyasının üzvlərinin hamısı iştirak etmiş və qərarın lehinə iştirak edənlərdən ən azı üçü səs vermiş olsun.
5.13. Mərkəzin üzvlüyündən çıxarılma məsələsi qaldırılan şəxsə Mərkəzin Aparatı tərəfindən Apellyasiya komissiyasının yığıncağının yeri və vaxtı barədə məlumat verilməlidir. Onun həmin məsələ ilə bağlı öz fikirlərini Apellyasiya komissiyasının iclasında bildirmək arzusu olarsa, bu hüququ təmin edilməlidir.
5.14. Apellyasiya komissiyasının yığıncağının yeri və vaxtı barədə xəbərdar edilmiş Mərkəzin üzvlüyündən çıxarılması məsəsələsi qaldırılan şəxsin yığıncağa gəlməməsi həmin məsələnin müzakirə edilməsinə və qərar qəbul edilməsinə mane olmur.
5.15. Mərkəzin üzvünün üzvlüyünə xitam verilməsi barədə məhkəməyə şikayət etmək hüququ var.
VI. Mərkəzin əmlakının formalaşma mənbələri
6.1. Mərkəz Azərbaycanın Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və Mərkəzin Nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan ölkə daxilində və xaricdə istədiyi fəaliyyət növünü həyata keçirə bilər.
6.2. Mərkəz əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirə bilər.
6.3. Mərkəz:
6.3.1. qanunvericiliyə uyğun olaraq mətbu orqanlar və nəşriyyat müəssisələri təsis edə bilər;
6.3.2. Mərkəzin yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışını həyata keçirə bilər;
6.3.3. qiymətli kağızlar, əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər;
6.3.4. qanunvericililə qadağan olunmayan digər fəaliyyəti həyata keçirə bilər.
6.4. Mərkəzin mülkiyyətində və ya operativ idarəsində binalar, qurğular, müəssisələr, daşınar və daşınmaz əmlak və eləcə də qanunvericiliklə qadağan olunmayan növlərdə digər əmlakı ola bilər.
6.5. Mərkəzin əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır:
6.5.1. təsisçilərin və ya Mərkəz üzvlərinin ödədiyi birdəfəlik üzvlük haqları;
6.5.2. ayrı-ayrı hüquqi və fiziki şəxslərin verdiyi könüllü əmlak haqları və ianələr;
6.5.3. malların satışından, xidmətlərin göstərilməsindən, işlərin görülməsindən daxilolmalar;
6.5.4. səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər, gəlirlər;
6.5.5. öz əmlakından istifadə və onun satışı nəticəsində əldə edilən gəlirlər;
6.5.6. müxtəlif təşkilatlar tərəfindən verilmiş qrantlar;
6.5.7. nəşriyyat fəaliyyətindən gələn gəlirlər;
6.5.8. qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.
6.6. Mərkəz öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir.
6.7. Mərkəzin təsisçilərinin və üzvlərinin öhdəliklərinə görə Mərkəz, Mərkəzin öhdəliklərinə görə isə təsisçilər və üzvlər məsuliyyət daşımır.
6.8. Mərkəz təsisçilərin razılığı olmadan özünün sərəncamında olan əmlakın üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirilməsi ilə nəticələnə biləcək əqdlər bağlaya bilməz.
6.9. Üzvlük haqlarının və Mərkəzin fəaliyyəti ilə əlaqədar daxil olan digər gəlir növlərinin hamısı Mərkəz sədrinin sərəncamına verilir. Mərkəz öz maliyyəsinin və əmlakının tam sahibi və mülkiyyətçisidir. Mərkəzin mülkiyyətində qanunvericiliklə qadağan olunmayan istənilən növ əmlakı ola bilər.
VII. Nizamnamənin qəbulu və ona dəyişikliklərin edilməsi qaydası
7.1. Mərkəzin Nizamnaməsinə dəyişikliklər Nizamnamədən irəli gələn vəzifələrin icrası üçün Ümumi yığıncağın qərarı ilə edilə bilər.
7.2. Nizamnaməyə dəyişikilik Ümumi yığıncağın üzvlərinin dörddə üçü iştirak etdikə və iştirakçıların yarısından çoxunun dəyişikliyin lehinə səs verməsi ilə həyata keçirilir.
7.3. Mərkəzin Nizamnaməsindəki dəyişikliklər onların dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
VIII. Mərkəzin fəaliyyətinə xitam verilməsi
8.1. Mərkəzin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Mərkəzin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8.2. Mərkəzin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Mərkəzin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Mərkəzin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Mərkəzin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.
IX. Mərkəzin filial və nümayəndəlikləri
9.1. Mərkəz Azərbaycan Respublikası ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər.
9.2. Mərkəzin filialı həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilə bilər və onun fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini həyata keçirə bilər.
9.3. Mərkəzin nümayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.
9.4. Mərkəzin filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış təşkilatın əmlakından pay alır, onun adından və təsdiq etdiyi əsasnaməyə əsasən, fəaliyyət göstərir. Filial və nümayəndəliklərin fəaliyyətinə görə Mərkəz məsuliyyət daşıyır.
9.5. Mərkəzin filial və nümayəndəliklərinin rəhbərləri Mərkəzin İdarə heyəti tərəfindən təyin edilir və onun tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərirlər.
9.6. Mərkəz 10 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verməlidir.
X. Digər müddəalar
10.1. Bu Nizamnamədə öz əksini tapmayan məsələlər qanunvericiliklə tənzimlənir.
10.2. Bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müvafiq müddəaları tədbiq edilir.
10.3. Mərkəzin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlanır və növbəti ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1 yanvarda başlayır və dekabrın 31-dək olan dövrü əhatə edir.
Yükləmək üçün fayllar: